“Bu proqramda qeyri peşəkarların iştirakı mümkünsüzdür”

Professional Kinorejissorlar Gildiyasının təşkilatı işlər üzrə katibi Şahirə Tacəddinin sözlərinə görə əsas məqsəd həm sənətçilərin, həm hüquqşunasların, həm də prodüsserlərin püxtələşməsidir

“Bizim əsr” qazeti 03.12.2002.

    - Bu yaxınlarda Isveçrə Əmakdaşlıq vƏ Inkisaf Agentliyinin rəhbərliyi altında "Fokal" Kinematoqrafiya və audiovizual sənət üzrə inkişaf fondunun həyata keçirəcəyi "Avanti" proqramı ilə başlayacaq. Əsasən, Cənubi Qafqaz ölkələrində kinematoqrafiyanm inkişafı üçün nəzərdə tutulan proqramın Azərbaycanda reallaşdirılmasında Kinematoqrafçılar ittifaqı və Professional Kinorejissorlar Gildiyası yardımçı olacaq. Layihə ilə
baglı ətraflı məlumat almaq üçün gildiyanın təşkilati işlər üzrə katibi Şahirə Tacəddinlə danışdıq.     - İsveçrə tərəfindən bizə təqdim olunan "Avanti" proqramı Azərbaycan, Gürcüstan və Ermənistanda kinematoqrafiyanın bazar iqtisadiyyatı şəraitində inkişafına təkan vermək və bu ölkələri dünya kinematoqrafiya sahəsindəki yeniliklərlə daha yaxından tanış etmək məqsədi daşıyır. Bu, həqiqətən də çox maraqlı bir proqramdır. Proqramın müsabiqə bölməsi beş ixtisas üzrə keçiriləcək: prodüsser, bədii film rejissoru, qisametrajlı film rejissoru, sənədli film rejissoru və hüquqşunas. Proqram özü, ümumiyyətlə, dörd mərhələdən ibarət olacaq. Hər mərhələdən sonra iştirakçıların sayı azalacaq. Yəni çox güclü seçim gözlənilir. Çünki bu layihədə dünya səviyyeli peşəkarlardan ibarət münsiflər heyəti iştirak edəcək. Onların seçəcəkləri film "Fokal" fondunun maliyyəsi hesabına lentə alınacaq.

    - Bu proqramda hansı şərtlər əsasında iştirak etmək mümkündür?

    - Layihə üzrə ərizələr Rejissorlar Gildiyasına və Kinematoqrafçılar Ittifaqına təqdim olunub. Biz bu proqramda yalnız körpü rolunu oynayırıq. Yəni proqramla kinorejissorların ünsiyyətini yaradırıq. Iştirak etmək istəyən rejissorlar tərtib edilmiş ərizə formasını doldurmalı və bir film layihəsilə müraciət etməlidirlər. Müsabiqənin şərtlərinə uyğun olaraq, qəbul olunan 18 işdən yekunda yalnız dördü seçiləcək. Münsiflər heyəti təqdim edilən layihəni bəyənərsə, filmin çəkiliş prosesi başlanacaq. Qaliblərin hər biri ilə dünyanın müxtəlif yerlərindən gələcək peşəkarlar işləyəcək. Yəni onlar dünya kinematoqrafiyasındakı ən son yenilikləri çatdıracaq, filmlərin çəkilişlərinə müdaxilə edəcək, rejissorlara kömək edə-cək, yol göstərəcəklər. Amma bir məsələ var ki, seminarlarda dərslər yalnız ingilis dilində aparılacaq. Buna görə, də düşünürəm ki, bu amil proqramda iştirak etmək istəyənlərin bir çoxu üçün maneəyə çevrilə bilər. Axı Azərbaycan sənətçilərinin çoxu hələ də ingilis dilini mükəmməl öyrənməyib.

    - Çəkiləcək filmlər tammetrajlı olacaq?

    - Bədii film tammetrajlı ola-caq. Sənədli filmin isə hansı metrajda olmasının elə bir fərqi yoxdur. Burada əsas şərt yüksək səviyyədir.

    - İştirakçılar arasında yaş məhdudiyyəti var?

    - Yaş məhdudiyyəti qoyulmayacaq. Amma ən vacib şərt iştirakçıların əsl peşəkarlardan ibarət olmasıdır. Yəni bu proqram-da qeyri-peşəkarların iştirakı mümkünsüzdür.

    - Bəs mövzu seçimində hansısa çərçivələr gözlənilir?

    - Rejissorlar istənilən mövzuda film çəkə bilərlər. Yalniz bircə şərtlə. Əger filmdə azacıq da olsa, millətçiliyə meyl müşahidə edilsə, film həmin dəqiqə avtomatik olaraq proqramdan çıxarılacaq.

    - Filmlərin çəkilişi üçün nə qədər vəsait ayrılacaq?

    - Ümumilikdə, 250 min ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılacaq. Bu da orta və az büdcəli filmə ayrılan pul qədərdir.

- Layihələr hansı zaman kəsiyində qəbul ediləcək?

    - Ərizələrin qəbulu artıq başlayıb və bu proses 2003-cü il fevralın 15-nə qədər davam edə-cək. Sonra seçim olacaq. Qeyd edim ki, seçim layihənin təşkilatçıları - yəni İsveçrə tərəfindən aparılacaq. Azərbaycan bu-na heç bir müdaxilə etməyəcək. Gildiya yalnız ərizələrin paylanmasında yardımçı olcacaq. Seçimi aparacaq peşəkarların adları isə hələlik bizə də məlum deyil. Aprel ayında müsabiqənin birin-ci mərhələsi başlayacaq. Proqram isə gələn il - 2003 -cü ilin aprel, may ayına qədər tamamlanacaq.

    - Bu proqramın Azərbaycan sənətçiləri üçün əhəmiyyəti nədən ibarətdir? Bu müsabiqə onlara nə verəcək?

    - Nəticə o olacaq ki, yüksək peşəkar seviyyəli sənətçilər meydana çıxacaq. Mən əminəm ki, bu proqram çərçivəsində yüsək bədii səviyyəli filmlər çəkiləcək. Bundan başqa, layihədə ən maraqlısı prodüsser işidir. Bu sahə Azərbaycanda, mən deyərdim ki, çox zəif inkişaf edib. Bu proqram prodüsserlik və kino sahəsində işləyən hüquqşunasların işinin nədən ibarət olmasını, onların funksiyalarının əsl mahiyyətini də oyrədəcək. Gələcəkdə bazar iqtisadiyyatı şəraitində işləyən kinorejissorlar və eləcə də digər sənətlərin nümayəndələri hüquqi məsələlərdə - istər maliyyə cəhətdən, istərsə də prodüsser və rejissor arasındakı mümkün olan münaqişələr baxımından - püxtələşmiş hüquqşunaslarla əməkdaşlıq edəcəklər. Bütövlükdə proqramın da əsas məqsədi həm sənətçilərin, həm hüquqşunasların, həm də prodüsserlərin püxtələşməsidir.

Tünzalə BABAYEVA.